X (keçmiş Twitter) platformasında son dövrlər diqqət çəkən tendensiyalardan biri də süni intellektlə yaradılan melodramatik videoçarxlardır. Bu videolarda çox vaxt xeyir qüvvələri şərə qalib gəlir – sadə, bir qədər süjetli hekayələr. Lakin bu məzmunların canlı aktyorlarla çəkildiyini düşünənlər yanılır; onların demək olar ki, hamısı süni intellekt alqoritmləri ilə yaradılan "clickbait" məzmunudur.
Wired'in araşdırmasına görə, bu cür videolar milyonlarla baxış toplayır və sahiblərinə reklam gəlirləri vasitəsilə xeyli qazanc gətirir. Məzmun çox vaxt həyəcanlı başlıqlar və süni gərginlik üzərində qurulur – istər itirilmiş uşağın tapılması, istərsə də haqsızlığa qalib gələn qəhrəman hekayələri. Bu videoların əsas hədəfi emosional reaksiya oyatmaq və izləyicini paylaşmağa sövq etməkdir.
Məsələ burasındadı ki, bu məzmunların böyük qismi keyfiyyətsizdir – detallar uyğunsuzdur, personajların hərəkətləri qeyri-təbiidir. Lakin auditoriyanın böyük hissəsi bu fərqləri ya görmür, ya da onlara əhəmiyyət vermir. Nəticədə bu videolar X'in algoritmi tərəfindən geniş şəkildə yayılır və platformada dominant məzmun növlərindən birinə çevrilir.
Bu tendensiya təkcə X'də deyil, digər sosial platformalarda da müşahidə olunur. Lakin X'də reklam bölgüsü modeli, eləcə də məzmun nəzarətinin məhdud olması bu tip clickbait videoların sürətlə yayılmasına şərait yaradır. Yaradıcılar üçün bu, sadəcə viral olmaq yox, həm də davamlı gəlir mənbəyidir.
Bəs istifadəçilər necə qoruna bilər? Platformada paylaşılan məzmunun mənbəyini yoxlamaq, şübhəli və həddindən artıq dramatik hekayələrə inanmamaq, həmçinin süni intellektlə yaradılan videoların tipik əlamətlərini tanımaq – bu, ən azından daha şüurlu bir təcrübə üçün ilk addımdır.
Mənbə: Wired (https://www.wired.com/story/ai-slop-melodramas-are-taking-over-x-and-their-creators-are-cashing-in/)



