Unity Technologies, oyun mühərrikinin növbəti əsas versiyası Unity 7'nin gəlişi ilə bağlı rəsmi məlumat verib. Şirkətin açıqlamasına görə, Unity 7'nin beta sınaqları 2026-cı ilin dekabrında başlayacaq, tam versiya isə 2027-ci ilin birinci rübündə istifadəyə veriləcək.
Yeni mühərrik köklü dəyişiklik deyil
Qeyd edək ki, Unity 7 əvvəlki versiyalardan fərqli olaraq tamamilə yenidən yazılmış mühərrik deyil. Şirkət rəsmilərinin sözlərinə görə, bu, Unity 6'nın “birbaşa davamı” olacaq. Yəni hazırkı Unity 6 istifadəçiləri üçün keçid prosesi daha hamar olacaq, mövcud layihələrə dəstək davam edəcək.
Unity Technologies son illərdə mühərrikdə bir sıra struktur dəyişiklikləri etsə də, Unity 7 ilə diqqətin performans artımı, sabitlik və tərtibatçı təcrübəsinin yaxşılaşdırılmasına yönəldiləcəyi gözlənilir. Xatırladaq ki, Unity 6 ötən il buraxılmış və bir çox oyun studiyası tərəfindən qəbul edilmişdi.
Hazırda Unity mühərriki mobil, PC, konsol və VR/AR platformalarında geniş istifadə olunur. Azərbaycanda da bir sıra yerli tərtibatçılar Unity'dən istifadə etdiyi üçün bu yeniləmə onlar üçün də maraqlı olacaq. Unity 7'nin beta versiyasına giriş haqqında ətraflı məlumatlar yaxın aylarda açıqlanacaq.

