Nothing şirkətinin həmtəsisçisi Akis Evangelidis, X platformasında etdiyi paylaşımda CMF Phone 2 Pro-nun varisi üzərində işlədiklərini, lakin hazırkı yaddaş qiymətləri səbəbindən bu modeli buraxmaq qərarından imtina etdiklərini bildirib.
Evangelidisin sözlərinə görə, şirkət yeni telefonu həm qiymət, həm də keyfiyyət baxımından CMF brendinə uyğun bir addım kimi təqdim etmək istəyirdi. Lakin yaddaş qiymətlərinin qalxması səbəbindən bu mümkün olmayıb. O, qeyd edib ki, bazar şərtləri dəyişənə qədər yeni CMF telefonu gözlənilməməlidir.
Xatırladaq ki, bir neçə gün əvvəl Nothing CEO-su Karl Pei də RAM böhranının şirkətin orta seqmentli telefonuna təsirindən danışmışdı. Pei, “Phone 4A” modeli üçün yaddaş xərclərinin iki dəfə artdığını və bunun qiymət siyasətinə ciddi təsir göstərdiyini bildirmişdi.
Sənaye mütəxəssisləri, qlobal miqyasda RAM çiplərinə tələbatın artması və istehsal gücünün məhdud olması səbəbindən yaddaş qiymətlərindəki yüksəlişin uzun müddət davam edə biləcəyini proqnozlaşdırırlar. Bu da büdcə və orta seqmentli telefon istehsalçılarını çətin vəziyyətdə qoyur.
Hal-hazırda Nothing şirkətinin bu il üçün başqa smartfon buraxıb-buraxmayacağı məlum deyil. Lakin CMF xəttinin ləğv olunduğu anlamına gəlməməlidir – şirkət yalnız bu il üçün planları təxirə salıb.
Mənbə: The Verge (https://www.theverge.com/gadgets/953066/nothing-cmf-phone-delayed-ram-prices)

