Növbəti telefonunuzun qiymətini təkcə RAM bahalaşması deyil, həm də Qualcomm'un yeni qiymət siyasəti artıracaq. Şirkətin baş direktoru Kristiano Amon, Çərşənbə günü keçirilən görüşdə bildirib ki, sentyabrın 1'dən etibarən bütün prosessorların qiymətləri artırılacaq. Bu barədə CNBC məlumat yayıb.
Keçən həftə yayılan şaiyələrə görə, qiymət artımının “iki rəqəmli faiz” həddində olacağı gözlənilir. Qualcomm hələ rəsmi rəqəmi açıqlamasa da, sənaye mənbələri bu addımın istehlakçılara birbaşa təsir göstərəcəyini proqnozlaşdırır.
Qiymət artımı xəbəri, şirkətin əl telefonu biznesindən əldə etdiyi gəlirin illik müqayisədə 20% azaldığını açıqlaması ilə eyni vaxta təsadüf edir. Qualcomm, son dörddəbir maliyyə hesabatında bu azalmanı “yaddaş qiymətlərində görünməmiş artım” ilə əlaqələndirib. 2021-ci ildən bəri ən aşağı səviyyəyə düşən gəlir göstəriciləri, şirkətin bahalaşma qərarını nəyə əsaslandırdığını da qismən izah edir.
Müşahidəçilər qeyd edir ki, Qualcomm’un prosessorları ən populyar Android flaqmanlarından tutmuş orta seqment cihazlara qədər geniş spektrdə istifadə olunur. Bu səbəbdən yaxın aylarda bir çox smartfon modelinin qiymətində artım müşahidə oluna bilər. İstehsalçıların bahalaşmanı nə dərəcədə öz üzərlərinə götürəcəyi, yoxsa birbaşa istehlakçıya yansıdacağı isə hələlik sual altındadır.
Mənbə: The Verge (https://www.theverge.com/tech/972894/qualcomm-price-hikes-q2-2026-earnings)


