ABŞ Milli Magistral Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA), təxminən 1.2 milyon Tesla avtomobilini əhatə edən ilkin araşdırmaya başlayıb. Səbəb isə asqı sistemindəki nasazlıqla bağlı daxil olan şikayətlərdir. Qurumun sözlərinə görə, nasazlıq avtomobilin istiqamət idarəsini itirməsinə səbəb ola bilər.
NHTSA-nın Qüsurların Araşdırılması Ofisinin açıqlamasına əsasən, araşdırma 2018–2020-ci il istehsalı olan Model 3 və 2021–2023-cü il istehsalı Model Y avtomobillərini əhatə edir. Ümumilikdə 156 şikayət qeydə alınıb və onların hamısı ön alt yan keçidin (front lower lateral link) qopması ilə bağlıdır.
Qeyd edək ki, NHTSA hadisələrin əksəriyyətində nasazlığın heç bir xəbərdarlıq olmadan baş verdiyini, ancaq bəzi hallarda qopmadan əvvəl səs-küy eşidildiyini bildirib. “Avtomobilin istiqamət idarəsinin itirilməsi” riski səbəbindən araşdırmaya təcili başlanılıb.
Xatırladaq ki, bu, Tesla'nın son dövrlərdə üzləşdiyi ilk təhlükəsizlik araşdırması deyil. Şirkət əvvəllər də avtopilot və digər sistemlərdəki nasazlıqlarla bağlı NHTSA-nın diqqət mərkəzində olub. Hazırkı araşdırmanın nəticələri, modeldən asılı olaraq, genişmiqyaslı geri çağırma kampaniyasına səbəb ola bilər.
Mənbə: The Verge (https://www.theverge.com/transportation/973887/nhtsa-tesla-investigation-suspension)



