“The Handmaid's Tale” və “The Blind Assassin” kimi məşhur əsərlərin müəllifi Margaret Atwood Portuqaliyanın Porto şəhərində keçirilən “Babell” Ədəbiyyat və Mədəniyyət Festivalında jurnalistlərin suallarını cavablandırıb. Tədbirdə süni intellekt mövzusu gündəmə gələndə Atwood fikirlərini açıq şəkildə ifadə edib.
Atwood bildirib ki, o, AI chatbot'lardan yalnız bir dəfə, Anthropic şirkətinin məhsulu olan Claude'dan istifadə edib və nəticədən məyus qalıb. O, britaniyalı detektiv serialı “Father Brown” haqqında məlumat axtarırmış. Atwood'un sözlərinə görə, Claude tamamilə səhv cavab verib – ya da sadəcə yalan danışıb.
“Claude mənə səhv cavab verdi, yaxud yalan danışdı. Təbii ki, o, yalan danışdığını bilmirdi, çünki bu bir insan deyil, böyük dil modelidir. O, sadəcə məlumatı səthi şəkildə oxumuşdu”, – yazıçı festivalda deyib.
Atwood süni intellektin əsas problemlərindən birini də məşhur “garbage in, garbage out” (zibil girir, zibil çıxır) ifadəsi ilə xarakterizə edib. Onun fikrincə, AI sistemləri nə qədər mürəkkəb olsa da, onlara verilən məlumatların keyfiyyəti nəticəni birbaşa müəyyən edir. Keyfiyyətsiz və ya səhv məlumatlarla işləyən süni intellekt heç vaxt etibarlı nəticələr verə bilməz.
Qeyd edək ki, Atwood AI texnologiyalarına şübhə ilə yanaşan məşhur sənətçilər sırasındadır. O, əvvəlki çıxışlarında da süni intellektin yaradıcılıq sahəsində insan əvəzinə keçə bilməyəcəyini müdafiə edib.



