Hər il minlərlə kompüter elmləri tələbəsi məzun olur, kod yazmağı bilir, amma həqiqi mühəndislik bacarıqlarına sahib deyil. Rajshree adlı mühəndisin Dev.to platformasında dərc etdiyi məqalə bu həqiqəti sərt şəkildə ortaya qoyur və qısa zamanda geniş müzakirəyə səbəb olub.
Müəllif yazır ki, kod yazmaq ilə proqram mühəndisliyi fərqli şeylərdir. Tələbələr illərlə Python, Java, JavaScript öyrənir, React, Node.js kimi framework-lərlə tanış olur, sonra "mən mühəndisəm" deyirlər. Amma real iş müsahibəsində sistem dizaynı, verilənlər bazası seçimi, miqyaslana bilmə, təhlükəsizlik kimi suallarla qarşılaşanda çətinlik çəkirlər.
"Proqramlaşdırma alətdir, mühəndislik isə intizam" – deyə müəllif vurğulayır. O, məşhur bir bənzətmədən istifadə edir: ingilis dilini bilmək sizi yazıçı etmədiyi kimi, kod yazmaq da sizi mühəndis etmir. Əsl mühəndis işə VS Code açmaqla başlamır – əvvəlcə suallar verir: hansı problemi həll edirik? Kim istifadə edəcək? Trafik artsa nə olacaq? Təhlükəsizlik riskləri nədir?
Məqalə xüsusilə vurğulayır ki, ən yaxşı mühəndislər az kod yazır, çünki vaxtlarını problemi anlamağa sərf edirlər. "Təmiz kod təkbaşına yaxşı proqram təminatı yaratmır. Gözəl təşkil olunmuş bir körpü trafik altında dağılırsa, onun təmizliyini kim tərifləyər?" – deyə müəllif sual verir.
Müəllif tələbələrə səhv sual verdiklərini deyir: "Hansı framework'ü öyrənim iş tapmaq üçün?" Əslində şirkətlər React deyil, problemi həll edə bilən insan axtarır. Texnologiya sadəcə alətdir, əsas olan isə sistem düşüncəsi, arxitektura, kommunikasiya və biznesi anlamaqdır.
Məqalənin ən maraqlı hissələrindən biri süni intellektlə bağlıdır. Müəllifə görə, AI rutin kod yazmağı əvəz edəcək, amma mühəndis qərarlarını – nə tikməli, niyə tikməli, hansı trade-off-ları seçməli – hələ də insan verməlidir. O, gənc mühəndislərə framework-lərin arxasınca qaçmaq əvəzinə, fundamental biliklərə, verilənlər bazalarına, sistem dizaynına, şəbəkəyə və kommunikasiyaya diqqət etməyi tövsiyə edir.
Mənbə: Dev.to (https://dev.to/rjshree/coding-doesnt-make-you-a-software-engineer-5a27)


