OpenAI'ın korporativ süni intellekt satışları üzrə rəhbəri Barret Zoph, şirkətə qayıtdıqdan cəmi beş ay sonra yenə ayrılıb. Bu barədə "The Verge" məlumat yayıb.
Nə baş verdi?
Zoph yanvarın ortalarında OpenAI'a qayıtmışdı. O, bundan əvvəl Mira Murati tərəfindən qurulan rəqib süni intellekt şirkəti "Thinking Machines Lab"ın həmtəsisçisi və texnologiya direktoru (CTO) kimi çalışırdı. Zoph OpenAI'a qayıtdıqdan qısa müddət sonra şirkət onu korporativ satış istiqamətinə rəhbər təyin etmişdi.
Bu rol OpenAI üçün strateji əhəmiyyət daşıyırdı. Çünki son aylarda şirkət dırnaqarası "yan layihələrdən" imtina edərək diqqətini əsas gəlir mənbələrinə — korporativ satış və proqramlaşdırmaya yönəltmişdi. Bu addım OpenAI'ın planlaşdırılan ilkin fond birjasına çıxışı (IPO) ilə əlaqələndirilirdi.
OpenAI The Verge'ə Zoph'un ayrıldığını təsdiqləsə də, bu ayrılışın səbəbi ilə bağlı əlavə məlumat verməyib. Xatırladaq ki, Zoph, Mira Murati ilə birlikdə "Thinking Machines Lab"ı qurmaq üçün ötən il OpenAI'dan ayrılmış, lakin sonra geri dönmüşdü.
Hazırda Zoph'un növbəti addımının nə olacağı barədə məlumat yoxdur. Lakin onun qısa müddət ərzində ikinci dəfə OpenAI'dan ayrılması, süni intellekt sahəsində yüksək səviyyəli kadr dəyişikliklərinin nə qədər sürətli baş verdiyini bir daha göstərir.
Mənbə: The Verge (https://www.theverge.com/ai-artificial-intelligence/952837/barret-zoph-openai-thinking-machines-lab)

